Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirdi ki, bu gün biz üçüncü rübün və ilin doqquz ayının sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik. Üçüncü rübdə ölkəmizin inamlı inkişafı istiqamətində önəmli addımlar atılmışdır. Ümumiyyətlə, ilin əvvəlindən bugünə qədər Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Artıq doqquz ayın nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq. Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin etmişdir.
Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur və bu ilin doqquz ayında ümumi daxili məhsul 2,5 faiz artmışdır. Dünyada mövcud olan vəziyyəti nəzərə alsaq, deyə bilərik ki, bu, çox müsbət göstəricidir. Ən önəmlisi ondan ibarətdir ki, - bunu biz hər dəfə məmnuniyyətlə qeyd edirik, - qeyri-neft sektorumuz 6 faiz artmışdır. Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizim siyasətimizin nəticəsidir. Çünki bizim üçün əsas məsələ qeyri-neft sektorunun inkişafıdır.
Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışmalıyıq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. Bunu xüsusilə qeyd etməliyəm, çünki büdcəmiz artır və bu il də büdcə xərcləri kifayət qədər böyükdür. Maaşlar, pensiyalar qalxır, doqquz ayda da qalxmışdır. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir.
İnvestisiyalar böyük həcmdə qoyulur. İlin əvvəlindən 19 milyard dollar sərmayə qoyulmuşdur. Onlardan 11 milyardı daxili sərmayədir. Bu da son illərdə müşahidə olunan mənzərədir. İnvestisiyalar artır və daxili investisiyalar üstünlük təşkil edir. Düzdür, daxili investisiyaların böyük hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ də dövlət xətti ilə infrastruktur layihələrinə, o cümlədən sosial infrastruktur layihələrinin icrasına vəsait ayrılmalıdır. Ancaq Azərbaycana özəl sərmayə də qoyulur. Azərbaycanda çox müsbət sərmayə iqlimi vardır, yerli və xarici investorlar bizim ölkəmizə inanırlar, ölkəmizin gələcəyinə inanırlar. Buna görə Azərbaycana çox böyük həcmdə investisiyalar qoyulur.
İnvestisiyalar müxtəlif sahələrə qoyulur: həm sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına, əlbəttə ki, neft-qaz sənayesinin inkişafına. Bu da təbiidir. Çünki bizim iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Məhz buna görə iqtisadi artımımız davam edir. Baxmayaraq ki, hazırda neftin qiyməti də kəskin şəkildə aşağı düşür. Ancaq ölkəmiz qeyri-neft sektoru hesabına bundan sonra da inkişaf edəcək və bu, bizim inkişafımızı dayanıqlı edəcək. Yəni, bizim əsas məqsədimiz neft amilindən asılılığımızı maksimum dərəcədə azaltmaq və qeyri-neft sektoru hesabına gələcəkdə Azərbaycanı inkişaf etdirməkdir.
Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. İlin əvvəlindən maliyyə resurslarımız 3 milyard 600 milyon dollar artıb.
Bütövlükdə bizim 53 milyard dollardan çox valyuta ehtiyatlarımız var ki, bu da dünya miqyasında çox böyük göstəricidir.
Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir.
Biz neftdən əldə edilmiş gəlirləri şəffaf saxlamaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəltməklə dinamik inkişafımızı təmin edirik. Eyni zamanda, bizim rezervlərimiz artır və artacaq. Mən qarşıya belə vəzifə qoymuşam ki, biz çalışmalıyıq, maliyyə rezervlərimiz ildən-ilə artsın. Bu da, əlbəttə ki, həm xarici investorlar üçün əlavə imkanlar yaradır, inamı artırır, eyni zamanda, dünya maliyyə bazarlarından yaxşı şərtlərlə kreditlərin alınması üçün əlavə imkanlar yaradır. Halbuki buna o qədər də böyük ehtiyac yoxdur. Sadəcə olaraq, bu, bizə əlavə inam verir. Mən dəfələrlə demişəm ki, əvvəlki illərdə bizim əsas vəzifəmiz iqtisadi müstəqilliyimizi yaratmaq idi. Bunu da yaratmışıq. Biz iqtisadi cəhətdən tam müstəqilik, heç kimdən asılı deyilik və bu bizə imkan verir ki, siyasi sahədə də, o cümlədən xarici siyasətdə də müstəqil siyasət aparaq. Bizim əsas istinad nöqtəmiz, güc mənbəyimiz iqtisadi müstəqilliyimizdir.
Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür.
Yəni, bir sözlə, biz dünyanın ən rəqabət qabiliyyətli 40 ölkəsinin sırasındayıq. Bu, tarixi nailiyyətdir və bizə əlavə inam verir.
Doqquz ayda bütün infrastruktur layihələri uğurla icra edilmişdir və bu proses davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilmişdir. Yüz mindən çox yeni iş yeri açılmışdır, onlardan 80 mini daimi iş yerləridir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 25, 30 faizdir, gənclər arasında isə 50 faizə çatır. Ancaq Azərbaycanda işsizliklə bağlı problemlər öz həllini tapır və burada əlbəttə ki, dövlət investisiyaları, gözəl sərmayə iqlimi, biznes mühitinin yaxşılaşdırılması faktorları öz rolunu oynayır. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası da burada əsas rol oynayır. Çünki hələ bizim iqtisadiyyatımızda neft faktoru kifayət qədər böyük yer tutur. Baxmayaraq ki, ümumi daxili məhsulumuzda qeyri-neft sektoru artıq 55 faizdən çoxdur, ancaq ixrac potensialımızın böyük əksəriyyəti neft-qazla bağlıdır. Onu da yaxşı bilirik ki, neft-qaz sahəsində böyük həcmdə iş yerlərinin yaradılması mümkün deyil. Ona görə bizim əsas hədəfimiz qeyri-neft sektoru idi. O sektorda iş yerlərinin açılması əlbəttə ki, işsizliyin aşağı düşməsinə xidmət göstərmişdir.
Sosial proqramlar icra edilir, doqquz ayda maaşlar, pensiyalar, orta əmək haqqı artmışdır. Sosial layihələr icra edilir, - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri, mədəniyyət ocaqları, - bu sahəyə də böyük diqqət göstərilir və bizim investisiya portfelimizdə sosial layihələrə xərclənən vəsait kifayət qədər böyükdür.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün önəmli addımlar atılmışdır. Bu il də böyük vəsait ayrılmışdır ki, köçkünlər yeni evlərlə təmin olunsunlar. Bu proses gedir və gələn il də təbii ki, davam etdiriləcəkdir.
Bakı və onun qəsəbələri proqramı icra edilir. Bu proqram çərçivəsində onlarla məktəb təmir edilib, tikilib, uşaq bağçalarının sayı artır və təminat yaxşılaşır.
Bakı qəsəbələrində infrastruktur layihələri icra edilir. İlk növbədə, su-kanalizasiya layihələri, ondan sonra kənd yolları tikilir.
Əfsuslar olsun ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmamışdır.
Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın. Baxmayaraq ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Bu münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlar məsələnin həlli üçün əsas sənədlərdir. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul etmişlər. Yəni hüquqi cəhətdən bizim mövqeyimiz kifayət qədər möhkəmdir. İqtisadi cəhətdən əlbəttə ki, Ermənistanı Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycan zənginləşən, güclənən müstəqil bir dövlətdir. Əlbəttə ki, güclər nisbəti bizim xeyrimizə dəyişir, dəyişəcək. Bizim aramızdakı uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıbdır. Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcəkdir. İndi də Ermənistanı müstəqil ölkə adlandırmaq mümkün deyil.
Biz isə inkişaf edirik. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bizim kifayət qədər imkanlarımız var. Ordu quruculuğu Azərbaycanda uğurla gedir və gedəcəkdir. Üçüncü rübdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli cavab vermişlər. Onlarla işğalçı məhv edilmişdir. Onlara böyük sarsıdıcı zərbə vurulmuşdur. Sadəcə olaraq onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir.
Bir də demək istəyirəm ki, bizim prinsipial mövqeyimizə heç bir qüvvə təsir edə bilməz. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır. Mən dəfələrlə demişəm, bir də demək istəyirəm ki, demoqrafik amil də az rol oynamır. Ermənistanın rəsmi statistikasına görə, təkcə bu ilin doqquz ayında ölkə əhalisi 80 min nəfər azalıbdır. Yəni 80 min erməni vətəndaşı ölkədən gedib və qayıtmayıb. Bu meyil ilin sonuna qədər davam edəcək və beləliklə, Ermənistanda 100 mindən artıq əhali azalacaqdır. Azərbaycan əhalisi isə artır və artacaq. Bu da öz növbəsində gələcəkdə münaqişənin həlli üçün və ümumiyyətlə, regional mənzərə üçün əsas rol oynayacaq. Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var: korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq. Əlbəttə ki, təmas xəttində son hadisələrdən sonra bu kütləvi köç daha da geniş vüsət almışdır. Əgər Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq və görəcək ki, bu təxribat yeni köç dalğasına təkan verəcəkdir. Bir sözlə, bir də demək istəyirəm ki, Azərbaycan ictimaiyyəti də bilsin, biz öz prinsipial mövqeyimizdən geri çəkilməyəcəyik. Çalışırıq, çalışacağıq ki, məsələ öz həllini tapsın və tapacaqdır. Keçən rübdə ölkəmiz üçün tarixi hadisə baş vermişdir. "Cənub" qaz dəhlizinin təməli qoyulmuşdur. Böyük, təntənəli mərasim keçirilmişdir. Bu layihənin icra edilməsi əlbəttə ki, tarixi hadisədir. Heç kəs üçün sirr deyil ki, burada əsas rolu Azərbaycan oynayıbdır. Bu, bizim təşəbbüsümüz, bizim resurslarımız idi. Biz qonşu ölkələrlə, tərəfdaşlarla birgə bu layihəni icra edəcəyik. Əminəm ki, yaxın gələcəkdə "Cənub" qaz dəhlizi tikiləcək, istifadəyə veriləcək və ölkəmizin bundan sonra onilliklər ərzində inamlı inkişafını təmin edəcək. Bizim siyasi çəkimiz artacaq, iqtisadi sahədə yeni imkanlar yaranacaq.
Kəmərin tikintisi zamanı minlərlə, on minlərlə Azərbaycan vətəndaşı işlə təmin ediləcək, yüzlərlə Azərbaycan şirkəti podratçı kimi iştirak edəcək. Yəni bu, ölkəmizə böyük gəlir və siyasi dividend gətirən bir layihədir, tarixi layihədir. Biz fəxr edirik ki, Azərbaycan bu tarixi layihənin icraçısıdır, lider dövlətdir. Bu hadisə doğrudan da, tarixdə qalacaq. Keçən əsrin sonlarında "Əsrin kontraktı" imzalanmışdı. O, XX əsrin kontraktı idi. Bu layihə isə XXI əsrin layihəsidir. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik.
Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir.
İlin sonuna qədər böyük layihə - Şəmkirçay Su Anbarı istifadəyə verilməlidir. Bu, son illər ərzində icra edilən ən böyük layihələrdən biridir. Böyük investisiyalar qoyulubdur. Şəmkirçayda böyük su anbarı, elektrik stansiyası, kanallar tikilir. Bu, bizə imkan verəcək ki, əkin sahələrini genişləndirək və fermerlər üçün yeni imkanlar yaranacaqdır. İlin sonuna qədər açılışı nəzərdə tutulan bu böyük layihə demək olar ki, hazırdır, tamamlanma işləri aparılır. Yaxın vaxtlarda açılışını qeyd edəcəyik.
Gələn ilin büdcəsi demək olar ki, hazırdır. İndi müzakirələr aparılır. Milli Məclisə təqdim ediləcəkdir. Əsas prioritetlər bəllidir.
Biz bu barədə dəfələrlə öz fikirlərimizi bildirmişik. Sosial layihələr tam icra edilməlidir. Əlbəttə ki, ölkəmizin inkişafını təmin edən böyük infrastruktur layihələri, o cümlədən sosial infrastruktur layihələri nəzərdə tutulur. Məktəblərin tikintisi. Son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilib.
Demək olar ki, bəzi istisnalarla, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları yaradılır. Ya tikilir, ya da ki, əvvəlki illərdə tikilmiş xəstəxanalar, rayon mərkəzi xəstəxanaları əsaslı şəkildə təmir edilir. Üç-dörd şəhər qalıb ki, orada, hələ xəstəxanalar lazımi səviyyədə deyil. Yəqin ki, gələn il və 2016-cı ildə bu sahədə də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaq.
Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilmişdi ki, onların əraziləri kifayət qədər böyükdür. Ona görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun.
Gələn ilin büdcəsində hərbi xərclərə xüsusi diqqət göstərilməlidir. Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayırıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs rejimi yaradılmışdır. Ona görə yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik.
Bununla bərabər, Azərbaycanda hərbi istehsal inkişaf edir. Bu ilin keçən rübündə ilk dəfə olaraq Azərbaycanda böyük beynəlxalq hərbi sərgi keçirilmişdir. Bu da son illərdə Azərbaycanda bu sahədə görülən işlərin nəticəsidir. Bu sərgiyə böyük maraq göstərilmişdir. Həm Azərbaycan öz hərbi məhsullarını təqdim etmişdir, həm də ki, dünyanın bu sahədə aparıcı ölkələri öz müasir silah və texnikalarını nümayiş etdirmişlər. Demək istəyirəm ki, dövlət büdcəmizdə əlbəttə, yerli hərbi istehsala diqqət göstərilməlidir.
Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlər görülübdür. Yeni imkanlar açılır. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranmışdır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik.
Əvvəlki dövrdə və hazırda bu sahədə görülən işlər deməyə əsas verir ki, biz buna nail olacağıq. Çünki ilk növbədə islahatlar aparılır və kənd təsərrüfatının inkişafı üçün müasir yanaşma tətbiq edilməlidir. Biz texnika ilə təmin edirik. Həm dövlət büdcəsi, həm də Prezidentin Ehtiyat Fondunun hesabına müasir kənd təsərrüfatı texnikası alınıb gətirilir. Müasir elmin nəticələri Azərbaycanda tətbiq olunmalıdır.
Hesab edirəm ki, eyni zamanda, meliorasiya ilə bağlı olan layihələr - Taxtakörpü və açılışı nəzərdə tutulan Şəmkirçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi dövriyyəyə veriləcəkdir. Əlbəttə ki, biz o torpaqlarda görülən işləri bəri başdan planlaşdırmalıyıq. Çünki bu sahələrdə hansı məhsullar yetişdiriləcək, dövlət hansı addımlar atacaq - əlbəttə ki, biz bu barədə düşünürük və bu yeni imkanlardan maksimum səmərə ilə istifadə etməliyik. Çünki on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, havanın qeyri-sabit keçməsi və quraqlığın olması bizə az təsir göstərəcəkdir.
Azərbaycanda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız dünya bazarlarına emal edilmiş şəkildə çıxarılır. Bir daha demək istəyirəm ki, hazırda ixrac potensialımızın artırılması üçün çox gözəl imkanlar var. Biz, sadəcə olaraq, gərək əlavə investisiyalarla, sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlərlə ixrac imkanlarımızı daha da artıraq. Təbii ki, biz daxili bazarımızı Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Son illərdə bu sahədə də böyük irəliləyiş var. Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Turizmin inkişafı sürətlə gedir, bu ilin təcrübəsi onu göstərir. Bu il bir neçə gözəl müasir otel istifadəyə verilmişdir. Bölgələrdə turizm imkanları genişlənir. İndi bölgələrdə beşulduzlu otellər açılır. Mən o açılışların hamısında şəxsən iştirak edirəm və hesab edirəm ki, burada böyük potensial var. Biz xarici turistlərin cəlb edilməsi üçün daha da fəal işləməliyik. İndi Azərbaycan haqqında məlumatlar dünya ictimaiyyətinə kifayət qədər çatdırılır.
Dediyim kimi, biz artıq özümüzü sement istehsalı ilə 100 faiz təmin etmişik.
Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir. Mən texnoparklar barədə dəfələrlə danışmışam, təkrar etmək istəmirəm. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır.
Keçən ay Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin birinci hissəsi - Bərə terminalı istifadəyə verilmişdir. Əminəm ki, ticarət limanı yaxın iki il ərzində tam şəkildə istifadəyə veriləcək. Beləliklə, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı yaradılacaq. Onun illik yükaşırma imkanı 25 milyon ton yük və bir milyon konteynerdir. Bu, Xəzərdə ən böyük liman olacaqdır və Xəzərdə yük daşımalarının həcminin artırılması gözlənilir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi başa çatır. Liman hazırdır. Gəmiqayırma zavodu keçən ilin sentyabr ayında istifadəyə verilmişdir.
Gələn il məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan vəsait nəzərdə tutulur. Biz hər il təkcə tikinti işlərinə 300 milyon manat ayırırıq və minlərlə soydaşımız bu məbləğ hesabına yeni evlərlə təmin edilir. Hər il dörd min, beş min ailə - yəni, ən azı 20 min nəfər yeni evlərə köçürülür. Əlbəttə, bu işlər davam etdiriləcəkdir.
Qeyd etdiyim kimi, sentyabrın 20-də "Cənub" qaz dəhlizinin təməlini qoyduq. Onun da böyük rəmzi mənası var. Biz təməlqoyma mərasimini başqa gündə də keçirə bilərdik. Sadəcə fikirləşdim ki, 20 il bundan əvvəl sentyabrın 20-də "Əsrin kontraktı" imzalanmışdır və bu, Azərbaycanın inkişafını müəyyən etmişdir. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyevin qətiyyətli yanaşması olmasaydı, o müdrik addım atılmasaydı bu gün Azərbaycan necə inkişaf edəcəkdi, - bu, böyük sualdır, - nəyin hesabına inkişaf edəcəkdi? "Əsrin kontraktı"nın imzalanması və onun uğurla icra edilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi tarixi nailiyyətlərdir. Bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıraq. Mən hesab etdim ki, XXI əsrin layihəsi də "Cənub" qaz dəhlizidir və yaxşı olar ki, 20 il sonra məhz sentyabrın 20-də bu təməlqoyma mərasimini keçirək. Belə də oldu. Yüksək səviyyəli çoxsaylı qonaqların iştirakı ilə "Cənub" qaz dəhlizi layihəsinin təməli qoyuldu, tikintisi başlamışdır. Bu, böyük və tarixi hadisədir.
Bir daha demək istəyirəm ki, bu, növbəti onilliklər ərzində, ən azı yüz il ərzində Azərbaycana böyük xeyir gətirəcək bir layihədir. Bəlkə də bu gün o faydanın tam həcmi hələ ki bizim üçün o qədər də aydın deyil. Çünki biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlayanda da əlbəttə, buna bir layihə kimi baxırdıq. Amma görün bu layihə nə qədər böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bizim beynəlxalq əməkdaşlığımız genişləndi, maliyyə imkanlarımız artdı.
Biz xarici ölkələrə investisiya qoymağa başlamışıq. Daxildə iqtisadi və enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik.
Ona görə "Cənub" qaz dəhlizinin inşası zamanı və inşası nəticəsində hələ bəlkə də təsəvvür edə bilmədiyimiz məsələlər də ortaya çıxacaq ki, onların hamısı Azərbaycana xeyir gətirəcək. Çünki bizim qaz resurslarımız kifayət qədər böyükdür. Bu barədə hamı bilir, məlumatlar verilmişdir. Bu layihə bizə imkan verəcək ki, öz resurslarımızı dünya bazarlarına maksimum dərəcədə çıxaraq və əhatə dairəmiz də artacaq. Çünki hazırda bir neçə ölkə bizim tərəfdaşımızdır. Ancaq o ölkələrin sayı arta bilər. Yəni, bu layihə çox böyük imkanlar açır və əlbəttə ki, Azərbaycanı çox önəmli ölkə kimi bir daha təsdiqləyir.
Çirklənmiş ərazilərin təmizlənməsi, ağacların əkilməsi, məişət tullantıları zavodunun tikintisi, içməli su, kanalizasiya layihələrinin icrası son illərdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişmişdir. Xəzər dənizinə axıdılan çirkab sularının qarşısı indi yeni kanalizasiya layihələrinin icrası nəticəsində alınır. Çirkab suları təmizləyici qurğulara istiqamətləndirilir. İndi Bibiheybət zonasında böyük ekoloji layihə icra edilmişdir. Bura vaxtilə neftlə çirklənmiş qara bir ərazi idi. İndi orada idman şəhərciyi tikilir və birinci Avropa Oyunlarının bir hissəsi orada keçiriləcək. İndi ora abad bir ərazi olubdur. Hətta indi orada buruqlar da vardır və hasilat davam edir. İndi biz buruqların ətrafını da abadlaşdırırıq, abadlaşdıracağıq. Əlbəttə ki, hazırda böyük ekologiya layihəsi icra edilir. Böyükşor gölünün təmizlənməsi də tarixi nailiyyətdir. Çünki onilliklərlə o gölə çirkab suları, lay suları axıdılırdı. Bu, şəhərimizin ortasında böyük bir ekoloji fəlakət idi. İndi gölün təmizlənməsi prosesi gedir.
Çıxışımın sonunda birinci Avropa Oyunlarına hazırlıqla bağlı bir-iki kəlmə demək istəyirəm. İşlər qrafik üzrə gedir. Bütün idman obyektləri təmir olunur, tikilir. Əlbəttə ki, burada nəqliyyat məsələlərinə çox böyük diqqət göstərilir. Bu işlər də uğurla gedir. Təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. Əminəm ki, belə də olacaq.
Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırlar ki, Bakıda bəlkə də ən gözəl yarışma keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcək. 2016-cı ildə "Formula 1" yarışı keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcək. 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir - həm qrup, həm də dörddəbir final yarışları. Cəmi dörd şəhərdə dörddəbir final yarışı keçiriləcək - Bakı, Roma, Münxen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi.
Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ili uğurla başa vuracağıq, 2015-ci ili də uğurla başlayacağıq.